Sülh adasından müharibə adasına doğru…| Cənubi Kipr NATO-ya daxil ola bilər?

2024/12/1734760742.jpg
Oxunub: 1394     21:39     23 Dekabr 2024    
Cənubi Kiprin NATO-ya üzvlüyü Kipr məsələsinin gedişatını və regionun təhlükəsizlik arxitekturasını kökündən dəyişəcək. Şərqi Aralıq dənizində strateji əhəmiyyətə malik Cənubi Kiprin NATO-nun təhlükəsizlik çətiri altına daxil olması iki əsas problemi ortaya çıxaracaq. Birincisi Şimali Kipr Türk Respublikasının (ŞKTR) neytrallaşdırılması, ikincisi Türkiyənin təhlükəsizliyinə təhlükə yaranmasıdır.

ŞKTR prezidenti Ersin Tatarın iki dövlətli həll təklifindən sonra Cənubi Kiprin ölkəni NATO üzvü etmək istəyi ortaya çıxdı. Bu tələbin üç əsas səbəbi var. Birincisi, Cənubi Kipr iki dövlətli həll təklifi ilə gələn xarici təzyiqlərin qarşısını almaq, Zəmanət və Müttəfiqlik Razılaşmalarını qüvvədən salmaq və türklərdən gələ biləcək reaksiyaları kollektiv təhlükəsizlik çətiri ilə minimuma endirmək istəyir. İkinci məqsəd Şərqi Aralıq dənizində Türkiyənin tezislərinə qarşı təhlükəsizlik arxitekturası qurmaq, üçüncü məqsəd isə NATO və ya ABŞ-nin yeni həllin qarantı olmasını təmin edərək, Adadakı qarant sistemini kökündən ortadan qaldırmaqdır. Buna görə də Cənubi Kiprin NATO-ya üzv olmaq istəyi təsadüfi deyil və strateji ağlın məhsulu kimi qəbul edilir.

NATO-nun Kiprlə bağlı perspektivi

Soyuq müharibədən bəri ABŞ və NATO-nun Kiprə baxışı müəyyən məntiq çərçivəsində formalaşıb. Soyuq müharibə dövründə hər iki aktorun ideyası Kiprin Sovetlərin təsiri altına düşməsinin qarşısını almaq idi. Kiprin Şərq blokuna sürüşməsinin qarşısını almağın ən yaxşı yolunun adanın Yunanıstana bağlanması olduğunu düşünən NATO-nun Kipr türklərinin və Türkiyənin istəklərini nəzərə almadığı müşahidə edilib. Yunanların hücumlarına müqavimət göstərən türklər bu vəziyyəti qəbul etməyəndə, Kipr məsələsi yeni mərhələyə keçdi və NATO bu problemin həlli üçün 1957-ci ildə vasitəçilik təklif etdi.

İlk təşəbbüsdən qısa müddət sonra NATO-nun “Spaak” Planı ilə həlli dəstəklədiyi göründü. Daha sonra NATO üzvləri Türkiyə və Yunanıstan Böyük Britaniyanın London, habelə İsveçrənin Sürixdə şəhərlərində bir araya gəldi və məhdud suverenliyə malik Kipr Respublikası quruldu. Beləliklə, adanın kommunist blokuna sürüşməsinin qarşısı alındı və sistem NATO-ya üzv üç dövlətin qarantiyasına verildi.

Kipr Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində bildirilib ki, “Respublikanın həm Yunanıstan Krallığının, həm də Türkiyə Respublikasının iştirak etdiyi beynəlxalq təşkilatlarda və müttəfiqlik müqavilələrində iştirakı” istisna olmaqla, yeni Respublika beynəlxalq ittifaqların üzvü olmayacaq. Beləliklə, Kiprin Şərq Blokuna sürüşməsinin qarşısı alındı və ada NATO-nun nəzarətinə keçdi.

Lakin EOKA terror təşkilatının liderliyində Kipr yunanlarının başlatdığı hücumlarla tərəfdaşlıq Respublikası dağılarkən, Türk-Yunan müharibəsinin başlaması və NATO-nun cənub-şərq qanadının silkələnməsi gündəmə gəldi. NATO Kiprin Kuba böhranına çevrilməsinin qarşısını almaq üçün çox səy sərf etdi. General Layman Lemnitserin hazırladığı planla NATO Kiprə 10 min nəfərlik “NATO Sülh Qüvvələri” göndərilməsini və bu birliyə 1200 ABŞ hərbi qulluqçusunun da daxil edilməsini təklif etdi.

Təklif qəbul edilməyincə, Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin mənsubları adaya köçürüldü. Göründüyü kimi, NATO-nun Kiprlə bağlı siyasəti adanın, Şərqi Aralıq dənizinin və Yaxın Şərqin Qərb Blokunun nəzarətində saxlanılması səyləri ilə sıx bağlıdır.

Günümüzdə Kipr və NATO

Günümüzdə dominant Britaniya bazalarının yerləşdiyi, Fransa ilə ABŞ-yə dəniz və hava bazalarından istifadə hüququnun verdildiyi, ABŞ ilə Cənubi Kipr arasında “İkitərəfli Müdafiə Əməkdaşlıq Yol Xəritəsi” müqaviləsinin imzalandığı, silah embarqosunun ortadan qaldırıldığı, Cənubi Kipr hərbi qulluqçularının ABŞ-də təlim keçdiyi, qismən təlimlərin həyata keçirildiyi, “Andreas Papandreau” aviabazasının ABŞ-nin istifadəsinə verdildiyi bir mühitdə Kiprin NATO üzvü olmadan faktiki olaraq onun təsiri altına düşdüyü deyilə bilər.

Belə görünür ki, Britaniya və ABŞ Kipri “batmayan döyüş gəmisi” kimi görür, adaya Yaxın Şərq müharibələrində logistik dəstək, kəşfiyyat və humanitar yardım yeri kimi baxır. Cənubi Kiprdəki müxaliflər “ölüm bazaları” olaraq təyin etdikləri hakim Britaniya bazalarına və bu bazalardan havaya qalxan təyyarələrin silahlı hücumda iştirak etməsinə etiraz edirlər. Bu baxımdan NATO vəkil, Cənubi Kipr isə müvəkkildir.

Cənubi Kiprin NATO-ya üzv olması

Cənubi Kiprin NATO-ya üzv olması təklifinin arxasında bir çox səbəb var. İlk növbədə məqsəd Şərqi Aralıq dənizi və onun ətrafını NATO-nun nəzarətində saxlamaqdır. İkincisi, Yaxın Şərqdəki tarazlıqların Kipr vasitəsilə koordinasiya olunması istənilir. Cənubi Kiprin NATO-ya üzvlüyü ilə həm də İsrailə dəstək vermək və Kiçik Asiyanın təhlükəsizliyinin pozulması layihəsini həyata keçirmək hədəflənir. Üzvlüklə bölgədə kəşf edilən karbohidrogen ehtiyatlarına nəzarət etmək, Türkiyə və Avropa İttifaqının regional güc potensialını qırmaq da hədəflənir. Altıncı məqsəd NATO-nun təhlükəsizlik arxitekturası vasitəsilə Kiprdə mövcud olan çıxılmaz vəziyyəti aradan qaldırmaqdır.

Cənubi Kiprin NATO-ya üzv olmaq istəyinin arxasında yatan həqiqət adanı yenidən birləşdirmək və yunanların suverenliyi altında yeni bir dövlət qurmaq istəyidir. Beləliklə, yunanlar “birləşmiş və vahid Kipr”in ola biləcəyinə, Türkiyənin qarantlığının sona çatacağına və Türkiyə qoşunlarının adadan çıxarılmasına nail ola biləcəklərinə inanırlar. Bu üsulla “Birləşmiş Kipr”in yeni qarantı NATO və ya ABŞ olacaq.

Kiprin sülh adasından müharibə adasına çevrilməsi

Sülh və əmin-amanlıq adası olması lazım olan Kipr Cənubi Kiprin NATO-ya üzv olmaq səyləri ilə düşmən dövlətlərin hədəfinə çevrildi. Belə ki, “Hizbullah”ın keçmiş baş katibi Həsən Nəsrullah İsrailin Fələstinə və Livana hücumlarına dəstək verən Cənubi Kiprə xəbərdarlıq edərək, Kiprin müharibənin bir hissəsi olacağını və cavab zərbəsi alacağını bildirib. Cənubi Kipr bu səyləri ilə Kipri qarşıdurmaların hədəfinə çevirdi.

Bir sözlə, Kiprin NATO-ya üzv olması Türkiyənin Kipr və Şərqi Aralıq dənizi üzərində təsirinin sona çatması və Cənubi Anadolu torpaqları üzərindən yeni mühasirə təhlükəsi deməkdir. Belə olduğu halda, Kiprin NATO-ya üzv olmaq səylərinin Türkiyə və ŞKTR-in milli maraqları baxımından məqbul sayılmayacağı və mümkün bir vəziyyətdə Türkiyənin Kiprin üzvlüyünə veto qoyacağı gözlənilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   NATO  


Bizi "telegram"da izləyin